Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Gömrük tarifi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edilib.
"APA-Economics"in məlumatına görə, qanuna dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara uyğun olaraq ölkə iqtisadiyyatı üzrə prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslər və fərdi sahibkar tərəfindən investisiya təşviqi sənədi aldıqları andan müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular - 7 il müddətinə gömrük rüsumundan azad ediləcək.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı da gömrük rüsumundan azad edilib.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan azaddır.