Moskva. Fərid Əkbərov - APA. Moskvada tanınmış dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının salonunda keçirilən tədbirdə “Epoxanın fonunda portret. Vəli Axundov” kitabının təqdimatı da olub.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova V. Axundovun xidmətlərindən danışıb. O, Azərbaycan prezidenti İlham Əliyevin V. Axundovun 100 illik yubileyinin qeyd olunması haqqında sərəncamının dövlətimizin tarixi şəxsiyyətlərə verdiyi böyük dəyərin təzahürü kimi qiymətləndirib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə ötən əsrin 50-ci illərinin şəxsiyyətə pərəstiş dövründən sonra Azərbaycanda V. Axundov kimi ziyalının hakimiyyətə gəlməsini respublikamızın inkişafı üçün mühüm hadisə adlandırıb. Səfirin sözlərinə görə, həmin illər Azərbaycanda müasir dünyagörüşlü mədəniyyət xadimlərinin nəsli yetişib.
P. Bülbüloğlu V. Axundovla bağlı uşaqlıq xatirələrini də bölüşüb: “Atam Bülbül vəfat edəndə, mən hələ çox gənc idim. O zaman Bülbülün tabutunu Azərbaycan Elmlər Akademiyasının binasından çiyinlərində götürənlər arasında Vəli Axundov da var idi. Sonralar Vəli müəllim, heç vaxt qayğısını ailəmizdən əsirgəməmişdi, mənim təhsil almağımda və formalaşmağımda mühüm rol oynamışdı”.
Ötən əsrin 60-cı illərində Şuşa rayon partiya komitəsinin I katibi işləmiş Arif Ağakişiyev isə V. Axundovun rəhbərliyi altında çalışdığı illəri xatırlayıb, onun Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu bölgəyə diqqətindən danışıb.
Tədbirin sonunda V. Axundovun qızı Nigar Axundova atasının xatirəsinə göstərilən qayğıya görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O, Bakıda Vəli Axundovun yubiley tədbirlərinin uğurla keçirildiyini vurğulayaraq daha bir tədbirin Rusiya paytaxtında keçirilməsinin rəmzi xarakter daşıdığını söyləyib: “Atam Moskvaya tez-tez gələrdi. O zamankı SSRİ-nin rəhbərliyi ilə sıx əlaqədə olurdu. Eyni zamanda, burada çoxlu dostları, həmkarları var idi”.
Qeyd edək ki, Rusiyanın tanınmış mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun təmsilçilərinin iştirak etdiyi tədbirdə "Vəli Axundov. XXI əsrdən baxış" filmi də nümayiş olunub.