Rəqəmsal yayıma keçiddən sonra vericilərin gücü artırılıb, parametrləri müasirləşdirilib

Rəqəmsal yayıma keçiddən sonra vericilərin gücü artırılıb, parametrləri müasirləşdirilib
# 01 noyabr 2016 15:29 (UTC +04:00)

Bu gündən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib. APA-nın xəbərinə görə, müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.

Analoq yayımın dayandırılması yalnız yerüstü yayıma aiddir. 1998-ci ildən Azərbaycanda DVB-S standartı üzrə rəqəmli birbaşa peyk TV yayımı, kabel şəbəkəsi üzrə həm analoq, həm də rəqəmli TV yayımı həyata keçirilir. Əksər Avropa ölkələrində yerüstü analoq yayımı 2012-ci ildən dayandırılıb. Azərbaycanda yerüstü analoq yayımının dayandırılması 2015-ci ilin dekabrında planlaşdırılsa da, qəbuledici şəbəkənin rəqəmli TV qəbuluna keçməsi ilə əlaqədar olaraq məsələ bir qədər ləngiyib.

Analoq televiziya yayımı rəqəmli televiziya yayımı ilə müqayisədə keyfiyyət göstəricilərinə görə geri qalır. Rəqəmli televiziya yayımı zamanı - veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə dayanıqlığının yüksək olması, təsvirin və səsin canlandırılma keyfiyyətinin artması, TV vericisinin gücünün azaldılması imkanı, eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması, təsvirin və səsin canlandırılma keyfiyyətinin artması, yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması, studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi, TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı, interaktiv TV yayım sisteminin yaradılması ki, bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır, verilişlərin arxivləşdirilməsi, yazılması və verilişin dilinin və subtitrlərin seçilməsi imkanları var.

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər.

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür. Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır.

Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım bütün ölkə ərazisində tam dayandırılacaq.

Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”inə zəng etmək lazımdır.

Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanıb. Bakı şəhəri və Abşeron yarımadası ərazisində “Elettronika” tipli İtaliya istehsalı olan TV vericisi ilə sınaq verilişləri həyata keçirilib. MTRŞ-nın Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilib. Bu yayımın parametrləri aşağıdakı cədvəldə verildiyi kimi olub. Daha sonra, 2010-cu ildə dörd rəqəmli TV vericisi istismara verilib.

Hazırda işlədilən TV yayım vericilərinin gücü artırılıb və parametrləri müasirləşdirilib.

Azərbaycan Respublikası əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunub.

Nazirlər Kabinetinin 10.02.2011-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı”-nın həyata keçirilməsi ilə əlaqədar Respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən (10-12 proqram) ibarət DVB-T rəqəmli televiziya yayımının təşkilinə dair RİTN-in 22.07.2011-ci il tarixli, 27 saylı Tədbirlər Planının bəndlərinin icrası üzrə rəqəmli şəbəkə ölkə ərazisində 2011-ci ildə qurularaq istismara verilib.

27 sentyabr 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR