Bakı. Fərid Mirzəyev – APA. Oktyabrın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-18° isti, gündüz 24-29° isti, Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 25-30°isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.