Bakıda məktəbəqədər hazırlıq qruplarında təhsil alacaq uşaqların sayı açıqlanıb

Bakıda məktəbəqədər hazırlıq qruplarında təhsil alacaq uşaqların sayı açıqlanıb
# 03 oktyabr 2016 14:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Bakı məktəblərində ilk dəfə olaraq pulsuz təşkil olunan məktəbəqədər hazırlıq qruplarında təhsil alacaq uşaqların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov deyib ki, bu günə kimi Bakı məktəblərində təşkil olunacaq məktəbəqədər hazırlıq qrupları üçün müraciət edənlərin sayı təxminən 20 min nəfərdir.

Onun sözlərinə görə, elə həmin sayda uşaq da bu qruplara qəbul olunub: “2011-ci il təvəllüdlü, 5 yaşı bu il tamam olmuş uşaqlar məktəbəqədər hazırlıq qruplarına cəlb olunub. 5 yaşlıların təhsili həmişə məktəbəqədər təhsil müəssisələrində, məktəbəhazırlıq qruplarında həyata keçirilir. Bundan əvvəlki iki tədris ilində simvolik olaraq ödənişli əsaslarla (hər bir uşağa görə 40 manat) məktəbəhazırlıq qrupları təşkil olunurdu. Hazırda dövlət ümumtəhsil müəssisələrində də 2016-2017-ci dərs ilindən bu qrupların təşkilinə start verilib”.

A. Yusifov vurğulayıb ki, 2019-cu ilə qədər Azərbaycanda ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 90 faizə çatdırılmalıdır. Bu il üçün bu göstəricinin 55 faizə çatdırılmasının nəzərdə tutulduğunu deyən sektor müdiri əlavə edib ki, bu, Bakı şəhəri üzrə 20 422 uşaq deməkdir. Onun sözlərinə görə, bundan əlavə, məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili davam etdirilir.

İdarə rəsmisi qruplarda dərs deyəcək müəllimlərin maaş məsələsinə də aydınlıq gətirib: “Həmin müəllimlər adi ibtidai sinif müəllimlərinin aldığı maaşı alacaq. Yəni, bir müəllim üçün bir stavka 18 saat hesablandığı halda, qrupda həftədə 4 gün 3 saat olmaqla, yekunda 12 saatlıq tədris planları olacaq. Müəllim də buna uyğun 12 saatlıq dərsin pulunu alacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR