Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynov bildirib ki, şahid Zəminə Məhərrəmova səhhəti ilə əlaqədar prosesə gələ bilmir. Buna görə də şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Prosesdə M. Hüseynovanın vəkilləri əlavə şahidlərin dindirilməsini istəyib.
Hakim isə dindiriləcək şəxslərin siyahısının məhkəməyə təqdim olunmasını istəyib.
Vəkil Vasif Mirzəyev bildirib ki, şahidlərdən Lamiyə Babayeva məhkəməyə gəlməyəcəyini deyir: "Ona zəng edirik deyir hər gün canlı yayımım var, mən Lider TV-nin direktor müaviniyəm. Məhkəməyə gələ bilmərəm".
Hakim qeyd edib ki, vəsatət veriləndən sonra bu məsələ araşdırılacaq.
Proses oktyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.