2020-ci ilin yanvar ayından Hindistan hökuməti ölkədə kibertəhlükəsizliyi təmin etmək məqsədilə 266 mobil tətbiqi bloklayıb.
"APA-Economics"in məlumatına görə, bu barədə "The Times of India" qəzeti Kibercinayətkarlıqla Mübarizə üzrə Milli Koordinasiya Mərkəzinə istinadən yazır.
Qeyd olunur ki, 2020-ci ilin yanvar ayından indiyədək Hindistanın Daxili İşlər Nazirliyinə internetdə kibercinayətkarlıqla bağlı 6 milyondan çox müraciət daxil olub, bununla bağlı həmin faktlar üzrə istintaq tədbirləri həyata keçirilib və 12 776 cinayət işi başlanıb.
"The Times of India"nın qeyd etdiyi kimi, bu günə qədər Hindistan kibercinayətkarlıqla mübarizə üçün milli infrastrukturun yaradılması üzrə yeddiillik işi başa çatdırıb. Sosial şəbəkələrdə belə cinayətlərin izlənməsi 16 347 polis bölməsi tərəfindən aparılır.
ABŞ-ın "NortonLiveLock" şirkətinin informasiya təhlükəsizliyi sahəsində apardığı araşdırmaya görə, Hindistan 2021-ci ildə Asiya-Sakit okean regionu ölkələri arasında kibercinayətlər və onların vurduğu zərərlərin sayına görə lider olub. Keçən il kibercinayətkarların əməllərindən Hindistana dəyən iqtisadi zərər şirkət ekspertləri tərəfindən təxminən 5 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir. Onların fikrincə, Hindistan fişinq hücumlarının, pul tələb edən və istifadəçinin şəxsi məlumatlarını ələ keçirən proqramların hücumlarının və oğurluqların sayına görə dünyanın ilk beşliyində yer alır.
"NortonLiveLock" Hindistanda mobil təhlükəsizlik vəziyyətini xüsusilə ciddi hesab edir. Şirkət bildirib ki, son 12 ayda Hindistan sakinlərinin dörddə üçü bu sahədə kibercinayətkarlıq cəhdləri ilə üzləşib.