Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara Azərbaycan dövlətinin sosial yardım etməsi ilə bağlı şərtlər dəyişdirilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun 6.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılır.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərlər” cümləsində “yardım göstərə bilərlər” sözləri “yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər” sözləri ilə əvəz edilir. Bununla da xaricdə yaşayan azərbaycanlılara sosial yardım göstərmək istəyən hər hansı bir dövlət orqanı bu sahə üzrə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qayda olmadan göstərə bilməyəcək.
Xatırladaq ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsidir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq.