Milli Məclisdə “Heydər Əliyev milli parlamentarizmin banisidir: Gənclərin gözü” mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, görüşdə deputatlar Fuad Muradov, Ülvi Quliyev, Şahin İsmayılov, Məlahət İbrahimqızı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə gənclər parlamentin binası ilə yaxından tanış olub, Heydər Əliyevin binada yerləşən abidəsi önünə çiçək düzüblər. Onlar Heydər Əliyev Muzeyi ilə də tanış olublar.
Daha sonra keçirilən dəyirmi masada çıxış edən Fuad Muradov bildirib ki, belə bir tədbirin parlamentdə keçirilməsi böyük hadisədir: “Gənclər ulu öndərin siyasətini hər zaman dəstəkləyir və onların hər biri fəxr edir ki, Azərbaycan məhz əsası ulu öndər tərəfindən qoyulan siyasət nəticəsində güclü dövlətə çevrilib”.
Məlahət İbrahimqızı isə deyib ki, müasir Azərbaycan dövləti Heydər Əliyevin əsəridir: “Elə bir sahə yoxdur ki, ulu öndərin orada xeyir-duası olmasın. Azərbaycan parlamentinin formalaşması da Heydər Əliyevin əsərlərindən biridir”.
Tədbirdə Heydər Əliyevin fəaliyyətinə həsr olunan video-çarx təqdim edilib. YAP GB-nin sədri Seymur Orucov gənclərə Milli Məclisin binası ilə tanışlıq imkanı verildiyinə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib: “Əminəm ki, bugünkü gün gənclərimizin yaddaşından heç zaman silinməyəcək”.
Tədbir gənclərin çıxışları ilə davam edib.