Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misirə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsindən, müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edərək, bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunacağı bildirilib.
E. Məmmədyarov Azərbaycan və Misir arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Həmçinin turizm, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, toxuculuq və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək, iqtisadi gündəliyin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər enerji sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı haqqında danışaraq, bu xüsusda 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd ediblər.
Görüşdə həmçinin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasının müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
E. Məmmədyarov iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd edib. Nazir Misirin ərəb və İslam dünyasında mühüm rola malik olduğunu bildirərək, birgə səylərlə İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, bu xüsusda gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının əhəmiyyəti haqqında danışıb.
S. Şükri isə həmkarı E. Məmmədyarovun rəsmi səfərinin Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib və hökumətlərarası birgə komissiyanın noyabrda keçirilməsi planlaşdırılan iclasının bu xüsusda mühüm əhəmiyyət kəsb etdiyini deyib.
S. Şükri Misirdə Süveyş kanalının inkişafı və genişləndirilməsi layihələrinin həyata keçirildiyini bildirərək, Azərbaycanı da bu istiqamətdə yaradılan loqistika imkanlarından faydalanmağa çağırıb.
Səmimi şəraitdə keçən görüşdə həmçinin parlamentlərarası əməkdaşlıq, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi, iki ölkənin işgüzar dairələri arasında təmasların artırılması kimi məsələlər də müzakirə olunub.