Bakı - APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Romanın La Sapienza Universitetində ilk seminar təşkil edilib.
Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fənni La Sapienza universitetində tədris edən Bakı Slavyan Universitetinin Diplomatiya və xarici siyasət kafedrasının dosenti İrina Kunina ilk seminarı “Azərbaycan multikulturalizmi və xarici siyasət” mövzusuna həsr edib.
Seminarda La Sapienza universitetində “Beynəlxalq əməkdaşlıq və inkişaf” ixtisası üzrə təhsil alan müxtəlif ölkələrdən 50-yə yaxın tələbə iştirak edib. Seminarda diskussiya aparılıb və tələbələrin multikulturalizm mövzusu, eləcə də Azərbaycanın xarici siyasəti barədə çoxsaylı sualları cavablandırılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən qeyd ediblər ki, “Azərbaycan multikulturalizmi” fənninin daha çox nüfuzlu xarici ölkə universitetlərində tədrisinin təmin edilməsi istiqamətində fəaliyyət daim genişləndirir.
2015-2016-cı dərs ilində artıq 11 nüfuzlu xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.
Fənnin ötən ildən tədris edildiyi Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Gürcüstanın İvane Cavaxişvili adına Tiflis Dövlət Universiteti, Rusiya Federasiyasının Ural Federal Universitetinin Yekaterinburq filialı, Litva Pedaqoji Universiteti, Çexiya Respublikasının Praqa Karlov Universiteti, İtaliyanın Roma Sapienza Universiteti və Belarus Dövlət Universitetinə bu ilki tədris ilindən daha 4 xarici ölkə universiteti - Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, İsveçrənin Frayburq Universiteti və Türkiyənin Erciyes Universiteti də əlavə edilib.