Bakı Nəqliyyat Agentliyinin (BNA) müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə monitorinqləri davam edir.
Qurumun İctimai əlaqələr və maarifləndirmə şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, növbəti monitorinq Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) keçirilib.
Monitorinqdə qurumun baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. Monitorinq çərçivəsində 8-ci kilometr bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xətləri üzrə 10-dan artıq avtobusa baxış keçirilib. Müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. V. Kərimli avtobusların natəmiz, eyni zamanda texniki baxımdan nasaz idarə edilməsinin yol verilməz olduğunu diqqətə çatdırıb. Bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib.
Monitorinq zamanı aşkarlanan bütün çatışmazlıqlar ayrı-ayrılıqda aktlaşdırılıb.
V. Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Baş direktor daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək.