“NATO Rusiya-Belarus İttifaq Dövlətinin qərb sərhədlərində hücum potensialını gücləndirir. Moskva müdafiə tədbirləri görməyə məcburdur”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya və Belarus Müdafiə nazirliklərinin birgə kollegiya iclasında çıxışı zamanı bildirib. “İttifaq dövlətinin qərb sərhədlərində ABŞ və NATO-nun digər üzvləri yeni bazalar yaradaraq, hərbi infrastrukturu inkişaf etdirərək, öz hücum potensiallarını aktiv şəkildə möhkəmləndirirlər. İqtisadi və siyasi diktə, eləcə də hərbi yolla öz iradəsini digər ölkələrə sırımaq cəhdləri səngimir, açıq informasiya müharibəsi aparılır”, - deyə o, söyləyib.
S. Şoyqunun sözlərinə görə, NATO-nun fəaliyyəti regionda strateji sabitliyi pozur və Rusiyanı cavab tədbirləri görməyə məcbur edir: “Belarus və Rusiya arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi ittifaq dövlətinin müdafiə potensialını möhkəmləndirmək məsələlərini uğurla həll etməyə imkan verir. Bu cür yanaşma məhz indiki məqamda, beynəlxalq mexanizmlərin böhranlı vəziyyətlərin həllində yerində saydığı, gərginlik dalğasının sərhədlərimizə yaxınlaşdığı dövrdə daha çox aktualdır”.