Bakı Nəqliyyat Agentliyi Bakı metrosunun "Koroğlu" stansiyası yaxınlığında monitorinq keçirib.
Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, monitorinq Nəqliyyatı Mübadilə Mərkəzində (NMM) baş tutub. Monitorinqdə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. Monitorinq çərçivəsində NMM-ə daxil olan marşrut xətti üzrə avtobuslara baxış keçirilib və sərnişindaşımada istifadə edilən avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar-gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır.
Bununla yanaşı bir sıra avtobuslarda sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib.
Monitorinq zamanı aşkarlanan bütün çatışmazlıqlar ayrı-ayrılıqda aktlaşdırılıb.
V. Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Bir daha daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək.