Azərbaycan-Koreya əməkdaşlığına dair Bakı Forumu keçiriləcək

Azərbaycan-Koreya əməkdaşlığına dair Bakı Forumu keçiriləcək
# 18 avqust 2016 16:00 (UTC +04:00)

Bakı-APA. Bu gün baş nazir Artur Rasizadə dövlət idarəçiliyi üzrə Azərbaycan-Koreya əməkdaşlığına dair Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sıkı qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Koreya arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən baş nazir A. Rasizadə son vaxtlar iki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın genişləndiyini bildirib.

Baş nazir deyib ki, nüfuzlu dövlət rəsmilərinin bu cür qarşılıqlı səfərləri əlaqələrin daha intensiv inkişafı üçün yaxşı zəmin yaradır. A. Rasizadə Koreya Respublikası ilə də səmərəli əməkdaşlığın dərinləşməsi üçün müvafiq layihələrin icrasına lazımi şərait yaradılacağını nəzərə çatdırıb.

Koreya daxili işlər naziri H. Yun-Sık dövlət idarəçiliyi üzrə Azərbaycan-Koreya əməkdaşlığına dair Bakı Forumunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında imzalanacaq Memorandumun dövlətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edən Koreya Respublikasının daxili işlər naziri qeyd edib ki, dövlət idarəçiliyində şəffaflığın artırılması, “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilən “e-hökumət” layihəsi, o cümlədən müasir innovasiyaların tətbiqi baxımından milyonlarla vətəndaşa xidmət edən “ASAN xidmət”in yaradılması Azərbaycanın uğurlarındandır və bu təcrübədən bəhrələnmək faydalı olardı.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun da iştirak etdiyi qəbulda Azərbaycan-Koreya əməkdaşlığına dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR