Binəqədi rayon İcra Hakimiyyəti və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “Bakı – 2017 İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq”! adlı ağacəkmə aksiyası keçirilib.
Binəqədi rayon İH-dən APA-ya verilən məlumata görə, aksiyada İH başçısı Xaləddin İsgəndərov, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyev, DTX-nın Binəqədi rayon şöbəsinin rəisi Polad Abdullayev, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri, RİH-də təcrübə keçən ASAN könüllüləri, müxtəlif islam ölkələrindən olan tələbələr iştirak ediblər.
Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən ağacəkmə aksiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələrin davamı olaraq həyata keçirilib. Aksiya zamanı ümumilikdə 500 ədəd zeytun, şam ağacı, kiparis və leylandra ağacları əkilmiş və onlara qulluq göstərilib.
Aksiyada “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının maskotları və könüllülər də iştirak edərək aksiyaya rəngarənglik qatıblar. O cümlədən, Binəqədi rayonu, 297 saylı məktəbin şagirdləri tərəfindən flaşmob nümayiş olunub və “Bakı- 2017” yazısı yazılıb. Daha sonra gənclərlə görüş keçirilib.
Xaləddin İsgəndərov keçirilən görüşün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutduğunun əhəmiyyətindən danışıb və bildirib ki, gənclər hər zaman dövlətin gələcəyi hesab edilir, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır.
Daha sonra çıxış edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bildirib ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına 6 gün qalmış belə bir görüşün keçirilməsi təqdirəlayiqdir. Məhz buna görə iştirakçılara təşəkkür edən Elçin Səfərov oyunlarda könüllü gənclərin rolunun olduqca böyük olduğunu diqqətə çatdırıb.
Natiq qeyd edib ki, Avropa oyunlarında olduğu kimi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da gənclərin həmrəyliyi ilə birlikdə möhtəşəm anlar ilə tarixə yazılacaq.
Çıxışlardan sonra görüş gənclərin qarşılıqlı müzakirəsi və sualları ətrafında davam edib, gənclər dövlətin onlara göstərdiyi diqqətə və dəyərdən danışaraq, ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.