“Çox çətin bir yarış olacaq. 3 aydı bu turnirə hazırlışırıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin taekvondoçusu Yaprak Eriş (57 kq) deyib.
Bu gün Azərbaycan Taekvondo Federasiyasının idman zalında yığmanın açıq məşqi keçirilib. İslam Həmrəyliyi Oyunlarına hazırlıqları mətbuat nümayəndələri də izləyiblər.
Təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini deyin Eriş bildirib ki, İslamiadada əsas məqsədi Azərbaycan himnini səsləndirməkdi: “Təcrübəmizi artırmaq üçün bir sıra turnirlərə qatılmışıq. İslamiadada hədəfim həmişə olduğu kimi qızıl medal qazanmaqdı. Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcəyimi düşünürəm. İnşallah, qızıl medal qazanaram. Bunu isə tək özümdən deyil, bütün komanda yoldaşlarımdan da gözləyirəm”.
O, hələ rəqibləri barədə ətraflı məlumata malik olmadığını da sözlərinə əlavə edib: “Buna baxmayaraq, hər bir döyüşüm çətin olacağını fikirləşirəm”.
Qadınlardan ibarət millinin baş məşqçisi Elnur Amanov isə yığmamızın yarışlara tam hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, mayın 13-də Atletlər Kəndinə köçənədək gündə 2 dəfə məşqlərini davam etdirəcəklər.
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında +87 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq Olimpiya çempionumuz Radik İsayev də yarışla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, məqsədləri yaxşı nəticə göstərməkdi: “Hamımız çalışırıq, məşq edirik. Bütün qüvvəmizlə hazırlıq keçirik. Kiməsə yox, Allaha ümid edirik. Gördüyünüz kimi, Bakıda havalar isti keçir. Təxminən 30 dərəcə isti var. Belə istidə əziyyət çəkib, tər tökərək zalda məşqlərimizi davam etdiririk. Çalışacağıq ki, bunun bəhrəsini görək”.