Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyevin amerikalı jurnalist Nurit Qringerlə tanışlıq xarakterli görüşü keçirilib.
Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xanım Qringer Sülh Platformasının çox maraqlı olduğunu vurğulayıb.
Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasının vacibliyini qeyd edən amerikalı jurnalist bölgədə tezliklə ədalətli sülhün və əmin-amanlığın bərqərar olması üçün Ermənistan-Azərbaycan Sülh Platformasının fəaliyyətini ABŞ ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.
Sülh Platformasının həmkoordinatorları təşrif buyurduğu üçün N. Qringerə minnətdarlıqlarını bildiriblər. Sonra S. Caginyan Platformanın yaranması haqqında məlumat verib. O. Nəbiyev isə Sülh Platformasının gələcək işləri və regionda ədalətli sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində atılan addımlar barədə xanım Qringerə bilgi verib. O. Nəbiyev həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin vacibliyini qeyd edərək, atəşkəs rejiminin çox kövrək olduğunu və dünya ictimaiyyətinin bu barədə məlumatlandırılması işinin məhz xarici jurnalistlərin üzərinə düşdüyünü qeyd edib.
Sonda həmkoordinatorlar qonaqla xatirə şəkili çəkdiriblər.