Mayın 8-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tələbə və magistrantların XXXIX elmi konfransı keçirilib.
AzMİU-dan APA-ya bildirilib ki, universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov Heydər Əliyevin öz siyasətində gənclərə qayğı və diqqət göstərdiyini, bütün sahələrdə onların inkişafına şərait yaratdığını qeyd edib.
Prorektor ali məktəb elmində, habelə elmi nailiyyətlərin qazanılmasında tələbə elmi cəmiyyətlərin rolundan, AzMİU Tələbə Elmi Cəmiyyətinin fəaliyyət göstərdiyi gündən keçən dövr ərzində əldə etdiyi uğurları diqqətə çatdırıb, həmçinin tələbə və magistrantların elmi işlərə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Asif Kəngərli “Su və onun möcüzələri” mövzusunda məruzəsində dünya xalqlarının, müdrik dahilərin suya verdiyi dəyər, suyun kimyəvi və struktur tərkibi, sudan qənaətlə istifadə edilməsi, su mənbələrinin çirklənmədən qorunması, suyun insan həyatına təsir gücü barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Memarlıq fakültəsinin magistrantı Leyla Xəlilzadə “Körpü memarlığında bədii formanın təkamülü” mövzusunda məruzə ilə çıxış edərək maneələr üzərində keçidi təmin etmək üçün salınan körpülər, bu körpülərin memarlıq quruluşları, müasir körpü memarlığında heykəltəraşlıq nümunələri ətrafında konfrans iştirakçılarına məlumat verib. L.Xəlilzadə Roma, Çin,Yaponiya, Avstraliya, Kanada, Amerika və Malayziyada tikilən metal, taxta və digər materiallardan hazırlanan körpülər ətrafında konfrans iştirakçılarını məlumatlandırıb.
İki gün 19 bölmədə davam etdiriləcək konfransın bölmə iclaslarında 500-dən artıq elmi məruzə dinləniləcək.