Keçmiş komandir: ABŞ bizdən HAMAS-ı məhv etməyimizi gözləyir

Qadi Şamni

© APA | Qadi Şamni

# 19 oktyabr 2023 14:05 (UTC +04:00)

“ABŞ bizdən HAMAS-ı məhv etməyimizi gözləyir”.

APA xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Qəzza bölməsinin keçmiş komandiri və ABŞ-dakı keçmiş hərbi attaşe general-mayor Qadi Şamni "Channel 12"yə müsahibəsində deyib.

O bildirib ki, ABŞ “yaşıl işıq” yandırmasa belə, İsrail HAMAS tamamilə məğlub edilənə qədər və Qəzza silahsızlaşdırılana qədər bu müharibəni dayandırmamalıdır: “Sonda bütün girovlar geri qaytarılmalı və İsrail Qəzzanın yenidən qurulması üçün şərtləri müəyyən etməlidir. Ola bilər ki, Fələstin Administrasiyasının oradakı hakimiyyəti geri qaytarılsın”.

Şamni qeyd edib ki, hərbi tapşırıq mürəkkəb olsa da, Müdafiə Qüvvələri bunu edə bilər, çünki onun döyüşçüləri, silahları, döyüş ruhu və qətiyyəti var.

Keçmiş komandir bu hərbi missiyanın 6-8 ay davam edəcəyini proqnozlaşdırıb: “Qəzzanı fəth etmək, Qəzzaya nəzarəti ələ keçirmək... Bir neçə həftə çəkəcək. O zaman İsrail HAMAS-ın silahlı qüvvələrini öldürməli və ya ələ keçirməli olacaq. HAMAS-ın girov saxladığı 200-dən çox şəxs üçün minlərlə insan Negevdə sövdələşmə obyekti olmaq üçün həbs edilməli olacaq. Əgər İsrail HAMAS-ın istədiyi kimi, Fələstin təhlükəsizlik məhbuslarını azad etsə, bu, İsrail üçün məğlubiyyət olar. Bu, sadəcə olaraq onları (HAMAS - red.) növbəti hücumlara dəvət edəcək. Deməli, seçim yoxdur. Başqa variantlardan, hər şeyi havadan etməkdən danışanlar yanılırlar. Hava hücumları vacibdir, lakin son nəticədə quru qoşunları ora daxil olmalıdır. Müdafiə Qüvvələri girovların saxlandığı ehtimal olunan ərazilərdə diqqətli olmalıdır, lakin ümumilikdə, Müdafiə Qüvvələri tam qüvvə ilə irəliləməlidir".

Qadi Şamni onu da əlavə edib ki, İsrail Müdafiə Qüvvələri lazım gələrsə, şimal cəbhəsində “Hizbullah”a qarşı eyni vaxtda hərəkət edə və İordan çayının qərb sahilinə nəzarət edə bilər: “Hizbullah” şimal sərhədindəki mövqelərindən geri çəkilməlidir. Biz bunu da güc yolu ilə həll etməli olacağıq, çünki diplomatiya “Hizbullah”ı mövqelərdən geri çəkilməyə məcbur etməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR