“Stasionar müalicələrdə sığorta olunanın sağlamlıq vəziyyətinin bərpa olunması üçün tələb olunan dərman preparatları üçün məhdudiyyət tətbiq edilməyəcək. Respublikamızda qeydiyyatdan keçmiş, Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, dövlət proqramlarına daxil olmayan dərman preparatlarına stasionar müalicələrdə təminat veriləcək”. Bunun APA-nın sorğusuna cavab olaraq Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.
O bildirib ki, ilkin mərhələdə ancaq stasionar və təcili tibbi yardım zamanı yazılan dərman preparatları icbari tibbi sığorta paketinə daxil ediləcək.
“Ambulator müayinə zamanı yazılan dərman preparatlarının ödənişi isə nəzərdə tutulmayıb. Bizim proqnozlaşdırdığımız maliyyə resurslarına ilkin mərhələdə ancaq stasionar və təcili tibbi yardım zamanı xəstələr dərman preparatları ilə təmin ediləcəklər”, - deyə şöbə müdiri qeyd edib.