"TeliaSonera Holding BV" şirkəti "Turkcell" şirkətindəki 155 mln. ədəd səhmini satıb.
"APA-Economics" İstanbul birjasına istinadən xəbər verir ki, səhmlərin nominal dəyəri 11,45 lirə təşkil edir.
Beləliklə, "Turkcel"də birbaşa və dolayı yolla 38%-lik səhm paketinə sahib olan Skandinaviya nəhəngi birbaşa iştirak payının 6,8%-ni satıb. "TeliaSonera"nın "Turkcell"də birbaşa iştirak payının 14% olduğunu nəzərə alsaq, holdinqin türk şirkətinin nizamnamə kapitalındakı payı 7,2%-dək azalıb.
Əqd baş tutduqdan sonra "Turkcell"in səhmlərinin nominal dəyəri 12,28 lirəyədək bahalaşıb. Maraqlıdır ki, Nyu-York birjasında ticarət olunan "Turkcell"in səhmləri bu xəbərdən sonra 5,14% ucuzlaşıb.
Yeri gəlmişkən, İstanbul birjasında bugünkü ticarət sessiyasında şirkətin səhmlərinin nominal dəyəri 11,51 lirə ətrafında dəyişir.
Qeyd edək ki, "TeliaSonera Holding BV"-nin Avrasiya regionundakı aktivləri "Fintur Holdings" tərəfindən idarə olunur. Söhbət "Azercell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.
"Fintur Holdings"in səhmlərinin bir qismi (14,02% birbaşa, 24,02% dolayı) "Türkcell" şirkətinə məxsusdur.
Bundan öncə "TeliaSonera" bildirib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu" bildirib. Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.
* 1 lirə = 0,482 manat