Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, USAİD, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və digər qurumların təşkilatçılığı ilə baş tutub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı bildirib ki, bütün yerli icra hakimiyyətlərində yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, bütün dünyada qadınlara qarşı zorakılıq baş verir: “Azərbaycanda bu istiqamətdə xeyli iş görülür. Qadınlara qarşı zorakılığın qarşısının alınması mühüm tədbirlərdən biridir. Qanunvericilik islahatları da daxil olmaqla, bu məsələdə bir sıra vacib tədbirlər görülür. Son dövrdə aparılan araşdırmalar da göstərir ki, bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub”.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai isə bildirib ki, qadınlara qarşı zorakılığa son qoymaq üçün dövlət qurumları və beynəlxalq inkişaf agentlikləri arasında əməkdaşlığın rolu vacibdir.
Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində Azərbaycanda qanunvericilik bazasının daha da təkmilləşdirilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, qadınlara qarşı zorakılıq yalnız Azərbaycanda deyil, digər dövlətlərdə də baş verir: “Hələ də dünyanın müxtəlif ölkələrində qadınlara qarşı cinsi, fiziki və psixoloji zorakılıq faktları var. Qadınlara qarşı zorakılıq hallarının qarşısını almaq üçün onların təhsil hüququ, müstəqil olması məsələsi önə çıxır”.
Bütün səmavi dinlərin qadınları göylərə ucaltdığını xatırladan M. Qurbanlı islam dinində qadınların təhsil almasının xüsusi yer tutduğunu vurğulayıb.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə qeyd edib ki, Aİ bu məsələyə xüsusi önəm verir və çox sərt mövqe tutur: “Qadınlara qarşı zorakılıq dünyanın istənilən ölkəsində baş verir. Qadınlara qarşı bütün zorakılıqlar aradan qaldırılmalıdır”.
Tədbir çıxışlarla davam etdirilib.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “ASAN radio” və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Sosial media üçün ən yaxşı audio-ssenari” müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb.
Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il noyabrın 25-də başlayır və dekabrın 10-dək davam edir.