Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazir Artur Rasizadə ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Seretelinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son illər xeyli inkişaf etmiş Azərbaycan iqtisadiyyatının ölkə əhalisinin sosial problemlərinin həllində, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola diqqəti çəkən A. Rasizadə ölkənin bütün beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə də əməkdaşlığa açıq olduğunu bildirib.
Baş nazir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylərin daha da artırılmasının və real addımlar atılmasının vacib olduğunu qeyd edib. A. Rasazadə bütün regionun inkişafına mənfi təsir göstərən bu münaqişənin həllinin uzanmasında Ermənistanın tutduğu qeyri-səmimi və qeyri-konstruktiv mövqeyin ATƏT rəhbərliyi tərəfindən nəzərə alınmasının zəruri olduğunu söyləyib. Eyni zamanda, təəssüflə Dağlıq Qarabağ probleminin həllində beynəlxalq təşkilatlar tərəfindən ikili yanaşmanın olduğunu da təəssüflə vurğulayıb.
ATƏT Parlament Assambleyasının sədr müavini G. Sereteli Azərbaycanın Avropa üçün çox mühüm ölkələrdən biri olduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin uzanmasından, xüsusən son dövrlər cəbhə xəttində gərginliyin artmasından narahatlığını ifadə edib. Qonaq ATƏT-in Azərbaycanla əlaqələrində münasibətlərin daha da təkmilləşdiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəslədiyini nəzərə çatdırıb.