Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində tədbirlər davamlı olub. Narkotiklərlə əlaqədar 2935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib .
APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, bu cinayətlərdən 786-ı narkotik vasitələrin satışı ilə bağlı olub. Qeyri-leqal dövriyyədən əvvəlki dövrlə müqayisədə 138 kiloqram çox, bütövlükdə, 810,5 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, 20 kiloqram çox və ya 95,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 169 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında görülən tədbirlərlə 12 faiz çox və ya 109 cinayət faktı müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 63 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Bundan başqa, ötən il respublikanın hüquq mühafizə orqanları tərəfindən 31.300 cinayət faktının istintaqı aparılıb ki, onların 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Eyni zamanda, dəymiş maddi ziyanın ödətdirilməsi 0,9 faiz yaxşılaşaraq 79,1 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş cinayət xarakterli məlumatların 88 faizi təhqiqatçılar tərəfindən araşdırılıb ki, bu da müqayisə edilən ilə nisbətdə 5 faiz çox olmaqla 54,2 faizi məhkəmələrə göndərilib.