Milli İncəsənət Muzeyində “Yerusəlimdən sevgi ilə” konserti keçirilib

Milli İncəsənət Muzeyində “Yerusəlimdən sevgi ilə” konserti keçirilib
# 07 sentyabr 2016 09:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Milli İncəsənət Muzeyində israilli sənətçilərin konserti keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir gənc ifaçılar Miriyam Hacıyeva və Yadid Şvartsın iştirakı ilə “Yerusəlimdən sevgi ilə” adı altında baş tutub.

“Azİz” assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanlı bildirib ki, belə tədbirlərin təşkili İsraillə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir. Digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində qarşılıqlı əlaqələrin inkişafının vacibliyini qeyd edən direktor bu istiqamətdə bundan sonra da layihələrin həyata keçiriləcəyini vurğulayıb.

İfaçılar dünya bəstəkarları Cakomo Puççininin “Bohema” operasından Musettanın ariyası, L.Bethovenin “Beşinci sonatası”, V.A.Motsartın “Hökmdar çoban” operasından Amintanın ariyası, Ş.Qunonun “Romeo və Cülyetta” operasından Cülyettanın ariyası, L.Delibin “Les filles de Cadix” vokal əsəri, S.Raxmaninovun, N.Rimski-Korsakovun romansları, R.Ştrausun, F.Kreyslerin əsərləri, eləcə də Niyazinin “Arzu” romansını səsləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR