Bakı. Cavid Zeynallı - APA. Türkiyə Baş Prokurorluğu Diyarbəkirdə altı bələdiyyə haqqında cinayət işi başlayıb.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, prokurorluğun məlumatında qeyd olunub ki, həmin bələdiyyələr PKK terrorçularına yardım göstərməkdə ittiham olunur.
Diclə, Silvan, Sur, Qulp, Bismil, və Lice bələdiyyələri haqqında açılan cinayət işi çərçivəsində sözügedən rayonların özünüidarəetmə orqanlarının istismarında olan yük maşınları, traktorlar və digər nəqliyyat vasitələri müsadirə olunub. Həmin nəqliyyat vasitələrinin xəndəklər qazılması üçün terrorçulara verildiyi bildirilir.
Məhkəminin qərarı ilə altı bələdiyyə işçisi həbs olunub.
Qeyd edək ki, Türkiyə hüquq-mühafizə orqanları həmin rayonlarda PKK terrorçularına qarşı bir müddətdir əməliyyatlar həyata keçirir.