Ədilə Namazova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Ədilə Namazova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
# 07 sentyabr 2016 16:11 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev Ədilə Namazovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Ə. Namazova Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Dövlət başçısı 90 illik yubileyi münasibətilə görkəmli alimə təbrik məktubu da ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli Ədilə xanım!

Sizi - Azərbaycan tibb elminin və təhsilinin görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

60 ildən artıq bir dövr ərzində Siz elm, təbabət və təhsili üzvi şəkildə birləşdirərək həm alim və müəllim kimi, həm də uşaqların sağlamlığını qoruyan bir həkim kimi böyük uğurlar əldə etmisiniz. Siz öz nəcib fəaliyyətinizlə uzun illər ərzində Azərbaycanda uşaq təbabətinin inkişafında əvəzsiz rol oynamısınız. Apardığınız çoxşaxəli tədqiqatlarla Siz ölkəmizdə və beynəlxalq aləmdə böyük hörmət qazanmısınız.

Azərbaycan Tibb Universitetinin tibb və səhiyyə sahəsində nüfuzlu mərkəz kimi formalaşmasında, sözsüz ki, Sizin kimi alimlərin böyük əməyi vardır. Neçə nəsil pediatr həkimlərin yetişdirilməsində bilavasitə iştirak edərək Siz daim yüksək ixtisaslı kadrların hazırlanması prosesinə layiqli töhfələr vermisiniz. Azərbaycanda uşaqların sağlamlığının keşiyində duran minlərlə insan böyük qürur hissi ilə vaxtilə tələbəniz olduğunu xatırlayır. Sizin vətəndaş mövqeyiniz və aktiv ictimai fəaliyyətiniz də təqdirəlayiqdir.

Bu gün Siz, ömrünüzün müdriklik çağında yenə də zəngin təcrübənizi və yüksək elmi potensialınızı səhiyyəmizin inkişafı naminə səfərbər edirsiniz. Ümidvaram ki, bundan sonra da insanların sağlamlığının qorunması üçün öz qüvvə və bacarığınızı əsirgəməyəcəksiniz".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR