“Qrupda ikinci yeri tutmaq istəyiriksə, sona qədər mübarizə aparmalı, bütün gücümüzdən istifadə etməliyik. Yalnız bu halda dünya çempionatına vəsiqə qazanmaq şansımız yarana bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.
DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan çexlərin çalışdırıcısı maraqlı fikirlər səsləndirib.
Ölkəsinin mətbuatına danışan Yarolim qrupda ikinci yeri tutmaq istəklərindən vaz keçmədiklərini bildirib: “Yığmaya yeni gələndə nə edə bilərdim? Təbii ki, ilk 4 oyunda cəmi 5 xal toplayacağımızı düşünməzdim. Lakin ilk matçlarda sıçrayışa imza ata bilməzdik. Heyətdə böyük dəyişiklərimiz olub. Əsas odu ki, futbolçuların işləmək istəyindən razıyam. Axırıncı toplanışdan sonra vəziyyəti stabilləşdirə bildik. Nəticələrimiz yavaş-yavaş müsbətə doğru dəyişəcək”.
Təcrübəli mütəxəssis söhbət əsnasında Azərbaycanla öz meydanlarında heç-heçə oynadıqları matça da toxunub: “Şimali İrlandiya və Azərbaycanla oyunlarda xal itirməməli idik. Çünki onlarla öz meydanımızda qarşılaşırdıq. Qrup ikincisi olmaq istəyiriksə, belə xal itkilərinə yol verməməliyik. Qarşıdakı görüşlər bizim üçün daha böyük əhəmiyyət kəsb edəcək”.