“Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 30-da keçirilən “Bakı Marafonu 2017” marafonuna qoşulan 13 mindən çox iştirakçı həmrəylik, sağlam həyat tərzi ideyalarına dəstək verib”.
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, marafonda müxtəlif ölkələrdən 1000-dən çox əcnəbi, Azərbaycanın ayrı-ayrı bölgələrindən 600-dək nümayəndə iştirak edib.
Artıq ikinci ildir keçirilən Bakı Marafonu Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub, layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirib.
Yarışa respublikada fəaliyyət göstərən 60-dan artıq təşkilat və şirkətin təmsilçiləri qoşulub. Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, Regional İnkişaf İctimai Birliyi və s. təşkilat və şirkətlər marafonun tərəfdaş və sponsorları olub.
“Bakı Marafonu 2017”nin qalibləri iki kateqoriya - kişi və qadınlar üzrə müəyyən olunub. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yeri tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.
Eyni zamanda, 2016-cı ildə keçirilmiş ilk Bakı Marafonunu kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənən 9 jurnalist mükafatlandırılıb.
Qeyd edək ki, bu ilin sentyabrından “Bakı Marafonu 2018”ə hazırlıqlar başlanacaq.