Bakı – APA. İtaliyanın Trento şəhərində “Il Nodo di Gordio” beyin mərkəzi tərəfindən dərc edilmiş “Arqonavtların torpağı: Trentino-Alto Adice muxtariyyəti xalqların birgə yaşaması üçün bir model kimi” (Terre degli Argonauti: L’Autonomia del Trentino-Alto Adige come modello per la convinenza tra i Popoli) adlı kitabın təqdimatına həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, kitabda Dağlıq Qarabağ münaqişəsi mövzusuna da yer verilib. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın müəllifi olduğu “ATƏT-in vasitəçilik təşəbbüslərinin panoramı: Dağlıq Qarabağ münaqişəsi” adlı məqaləsi, eləcə də bir sıra italyan tədqiqatçılarının mövzu ilə bağlı məqalələri dərc edilib.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkənin keçdiyi müstəqillik yolundan danışıb, diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə yönəldərək münaqişənin tarixi, siyasi və hüquqi aspektləri, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul olunmuş sənədlər və münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə məlumat verib.