Bakı - APA-Economics. Bu gün Caspian European Club-un (Caspian Business Club) İdarə Heyətinin yeni tərkibinin ilk iclası keçirilib.
İclasa sədrlik edən Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev yeni üzvlərin seçilməsi münasibətilə Caspian European Club-un (Caspian Business Club) İdarə Heyətini təbrik edərək, 2017-ci ilin payızınadək həyata keçirilməsi mütləq olan strategiya, yeni layihə və vəzifələr barədə danışıb.
İdarə Heyətinə seçkilər iyunun 13-dən sentyabrın 13-dək Klubun saytında (www.caspianenergy.org) keçirilib. Səsvermə hüququna yalnız qeydiyyatdan keçmiş iştirakçılar - Caspian European Club-un (Caspian Business Club) üzvləri sahib idilər. Bundan əlavə, 1000-dən çox səs toplamış hər bir namizəd Caspian European Club-un (Caspian Business Club) İdarə Heyətinin tərkibinə daxil olmaq imkanı əldə edib.
Caspian European Banking Club, Caspian European Tourism Club və Caspian European Auto Club-a rəhbərlik etmək üçün iştirakçılardan heç kim yetərli miqdarda səs toplamayıb. Gənc sahibkarlarla iş üzrə komitənin rəhbər vəzifəsi də vakant olaraq qalıb.
T. Əliyevin sözlərinə görə, ayda iki dəfə sahə klublarının prezidentlərinin sədrliyi ilə dəyirmi masa formatında klubların iclasları təşkil olunacaq. Dövlət qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək bu görüşlər çərçivəsində şirkət rəhbərləri öz fəaliyyətləri, problemləri və onların həlli yolları barədə məlumat veriləcək. “2017-ci ildə Caspian European Club (Caspian Business Club) 15 illik yubileyini qeyd edəcək. Bundan əlavə, 2017-ci ilin martında Caspian European Club-un (Caspian Business Club) dəstəyi ilə çap olunan “Caspian Energy” jurnalının 100-cü nömrəsi nəşr ediləcək. İdarə Heyətinin üzvlərinin təklifinə görə, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin prezidentləri və baş nazirləri ilə görüşlər yenidən bərpa ediləcək. Əsas diqqət Azərbaycan, Qazaxıstan və Gürcüstanın dövlət qurumları ilə birgə biznes-forumların təşkilinə yönəldiləcək. Həmin biznes-forumların işində Caspian European Club-un (Caspian Business Club) üzv şirkət rəhbərləri ilə bərabər həmin ölkələrdə təmsil olunan diplomatik korpus nümayəndələri, beynəlxalq maliyyə institutlarının və profil assosiasiyaların nümayəndələri də fəal iştirak edirlər”, - deyə T. Əliyev söyləyib.
T. Əliyev dekabrın 7-də Bakıda təşkil olunacaq və dünyanın müxtəlif ölkələrindən 300-dən artıq deleqatın toplaşacağı Caspian Energy Forum – 2016-nı klub çərçivəsində bu ilin əlamətdar hadisəsi adlandırıb. Sözügedən forum Azərbaycanda keçirilən islahatların ilkin nəticələrinə həsr olunacaq. Forumun açılışında Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri İlham Əliyevin iştirakı gözlənilir. Tədbirdə dövlət başçısına “İlin islahatçısı” nominasiyasında Beynəlxalq Caspian Energy Award – 2016 mükafatı təqdim olunacaq. Telman Əliyev İdarə Heyətinin üzvlərini sponsor və spiker qismində Caspian Energy Forum – 2016-da iştirak etməyə dəvət edib.
Tədbirin sonunda İdarə Heyətinin üzvləri açıq səsvermə yolu ilə sahə klublarının və işçi komitələrin yeni rəhbərlərini seçiblər.