İran XİN: Suriyada kimyəvi silahdan istifadə iddiası bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanədir

İran XİN: Suriyada kimyəvi silahdan istifadə iddiası bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanədir
# 27 avqust 2013 09:46 (UTC +04:00)

APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu fikirləri keçirdiyi brifinqdə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, İran kimyəvi silahdan istifadə edilməsinə qarşı çıxır.

İran XİN mətbuat katibi qeyd edib ki, Suriyada müharibə başlasa, region üçün ciddi fəsadlar törədəcək: “Gəlin müharibədən danışmayaq. Yaxın Şərqin stabilliyin və əmin-amanlığın bərqərar olunmasına ehtiyacı var. Müharibə başlasa, bu, region üçün ağır nəticələrə səbəb olacaq”.

Əraqçı əlavə edib ki, İran Suriya münaqişə ilə bağlı keçirilməli olan Cenevrə konfransında iştirak etməkdə israrlıdır.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın isə Suriya ətrafında yaranmış məsələni şərh edərək bildirib ki, dünyanın təhlükəsizliyi üçün birləşən dövlətlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyaya hərbi müdaxilənin nəticələrinə görə məsuliyyət hissi keçirməlidirlər.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir bildirib ki, bir neçə dövlət özünü beynəlxalq aləm adlandırıb və BMT TŞ tərəfindən qərar qəbul etməyindən təəssüfləndiyini bildirib: “Suriyaya hərbi müdaxilə üçün hazırlıq görülməsi barədə danışmaq beynəlxalq qaydalara və dünya birliyinin dünyada sülh və təhlükəsizliyin qorunması öhdəliyinə ziddir. Nüvə silahı ilə mübarizə adı altında yalançı bəhanə ilə İraqa və həmçinin terrorizmlə mübarizə bəhanəsi ilə Əfqanıstana işğalçı dövlətlərin həmin ölkələrə müdaxiləsi xaos yaratdığı kimi Suriyaya hərbi müdaxilə də dünyanın başqa bir regionunu təhlükəsiz və dünya sülhünü təhdid edəcək”.

Möhsün Pak Ayin hesab edir ki, Suriya probleminin həlli yalnız danışıqlar yolu və xarici amillərin müdaxiləsi olmadan mümkündür: “Suriya xalqı xarici amillərin müdaxiləsi olmadan öz taleyi barədə qərar qəbul etməli və dünya ölkələri, xüsusilə Təhlükəsizlik Şurasının üzvləri müharibənin qarşısını almaq üçün öz vəzifələrini yerinə yetirməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR