Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani ilə Suriyanın baş naziri Vael əl-Həlqi arasında görüş keçirilib. APA-nın məlumatına görə, H. Ruhani bildirib ki, İran və Suriya xalqları qardaşdır: “İran xarici qüvvələrin Suriyanın daxili işlərinə müdaxiləsinin əleyhinədir, bu vəziyyətdən narahatdır və bu ölkədə silahlı qrupların olmasını tənqid edir. Biz Suriyada döyüşlərin davam etməsindən təəssüflənirik. Ancaq yaxın gələcəkdə bu ölkədə sülh və davamlı təhlükəsizliyin bərqərar edilməsinə ümidvarıq”.
Onun sözlərinə görə, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir.
V. əl-Həlqi isə İran hökuməti və xalqına Suriyadakı böhranının problemlərin aradan qaldırılması istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Baş nazir həmçinin iki ölkə arasında əlaqələrin dərinləşməsini istədiklərini də vurğulayıb.