APA TV-nin verdiyi xəbərə görə, terrorçular Rəqqa şəhərində "hərbi parad" təşkil edib.
Silahların arasında uzaq mənzilli bir "Skat" raketinin də olduğu bildirilir. Suriyada fəaliyyət göstərən İŞİD fəallarından əbu-Bəra adlı bir təşkilat üzvü bu silahlarla işğal etdikləri əraziləri daha da genişləndirəcəklərini iddia edib.
İŞİD-in İraq ordusundan ələ keçirdiyi silahları sürətlə Suriya ərazisinə daşıdığı qeyd olunur. Buna görə də terrorçu təşkilat Suriya-İraq sərhədindəki bütün məntəqələri ələ keçirməkdə israrlıdır.
APA TV-nin Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bir müddətdir silahlı qarşıdurmaların davam etdiyi və ciddi lider boşluğu yaşanan İraqda Mosul, Tiqrit, Bakuba və Telafer kimi şəhərlərin İŞİD-in nəzarətinə keçməsi nəticəsində öz yurd-yuvasından köç etmək məcburiyyətində qalan insanların sayının milyonu keçdiyi vurğulanır. Bu arada İraq və Suriya ərazilərində İŞİD-ə qarşı hər iki ölkənin hava qüvvələrinin zərbələr endirdikləri də qeyd olunur.