Livanda yeni prezident seçmək cəhdi 11-ci dəfə uğursuzluqla nəticələnib

Livanda yeni prezident seçmək cəhdi 11-ci dəfə uğursuzluqla nəticələnib
# 02 sentyabr 2014 13:51 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Livan parlamentinin ölkəyə prezident seçmək üçün keçirdiyi səsvermə cəhdi növbəti dəfə boşa çıxıb.

APA-nın “İTAR-TASS”-a istinadən verdiyi məlumata görə, artıq 11-ci dəfədir ki, yetərsay olmadığına görə Livan parlamenti prezident seçə bilmir.

Parlament sədrinin sözçüsü Muhammed Ballut səsvermənin 23 sentyabr tarixinə ertələndiyini bildirib. Qeyd olunur ki, Deputatlar Palatasının sədri Nabix Berri və baş nazir Tamam Salyam iclasda iştirak etməyiblər ki, bu da Suriyayönümlü fraksiyalarla Qərbyönümlü fraksiyalar arasındakı fikir ayrılığının hələ də aradan qalxmadığından xəbər verir. Artıq 101 gündür ki, Livan prezidentsiz idarə olunur.

İlk raund bu il aprelin 23-də keçirilmişdi və həmin tarixdən etibarən ölkəyə prezident seçmək üçün 11 cəhd olub. Lakin hər cəhddə yetərsay olmadığına görə uğursuzluqla nəticələnib. Sabiq prezident Mişel Süleyman mayın 25-də prezident postunu tərk edib. Livan qanunlarına görə, prezident vəzifəsini yalnız xristian-maronit etiqadına malik şəxslər tuta bilər. Əsas namizədlərdən biri “Livan qüvvələri” xristian partiyasının nümayəndəsi Samir Caaca hesab olunur. Lakin Azad Vətənpərvərlər Hərəkatının xristian lideri Mişel Aun konstitusiyaya dəyişiklik edilməsini və prezident seçkilərinin ümumxalq səsverməsi ilə keçirilməsini tələb edib. O, şiə blokları ilə birlikdə parlament səsverməsini boykot edib. Əks mövqedə olan siyasi qüvvələr isə hesab edir ki, ümumxalq səsverməsi ölkədəki konfessional tarazlığı poza bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR