Yaponiya Urmiya gölünün bərpası üçün vəsait ayırıb

Yaponiya Urmiya gölünün bərpası üçün vəsait ayırıb
# 12 mart 2016 13:20 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Yaponiya hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İran ofisinə “Urmiya gölünün su resurslarının davamlı idarə olunması kompleks” planının icrası məqsədi ilə 3 milyon 683 min 800 dollar həcmində vəsait ayırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran və Yaponiya 4 illik proqram çərçivəsində Urmiya gölünün yenidən bərpası üçün işlər görəcəklər.

Təqribən 10 ildən çoxdur ki, dünyanın ikinci ən böyük şor sulu gölü qurumağa başlayıb. İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında yerləşən bu gölün suyunun 80 faizi quruyub. Quraqlıq ölkə rəsmilərini hərəkətə keçməyə məcbur edib. Prezident Ruhani hökuməti gölün bərpası üçün diqqəti artırıb. Hökumətin Nazirlər Kabinetinin ilk iclası Urmiya gölü ilə bağlı keçirilib. İclasda Urmiya gölünün yenidən bəropası üçün qərargahı yaradılıb. İranın hökumət rəsmiləri ötən illər Urmiya gölünün canlandırılması üçün müxtəlif layihələr, o cümlədən Xəzər dənizindən və Araz çayından bu gölə suyun ötürülməsi layihələri haqda fikirlər səsləndiriblər, lakin hələlik bu layihələrin heç biri həyata keçirilməyib, gölün quruma prosesi davam edib.

Ekspertlər hesab edir ki, bu gölün ətrafında əkin sahələrinin 3 dəfədən çox artması və gölə tökülən çayların yolunda su bəndlərinin tikilməsi gölün qurumasına səbəb olan əsas amillərdir. Gölün quruması bölgədə yaşayan əhali üçün böyük problemlər yaradıb.

Hazırda Yaponiya və İran hökumətlərinin birgə layihəsi və digər tərəfdən, son aylar yağan yağışlar nəticəsində gölün suyunun 15 santimetr artması və hökumətin gölün bərpası üçün atdığı addımlar əhali arasında Urmiya gölünün canlanacağına ümidləri artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR