G7 HAMAS-ı bütün girovları qeyd-şərtsiz azad etməyə çağırıb

G7 HAMAS-ı bütün girovları qeyd-şərtsiz azad etməyə çağırıb
# 29 noyabr 2023 05:32 (UTC +04:00)

Böyük Yeddilik (G7) ölkələri İsrail və HAMAS radikal hərəkatı arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayıb və radikalları həbsdə olan bütün girovları dərhal azad etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı Böyük Yeddiliyin xarici işlər orqanları rəhbərlərinin birgə bəyanatında deyilir.

“Biz - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ-ı təmsil edən G7 xarici işlər nazirləri və Avropa İttifaqının Ali nümayəndəsi oktyabrın 7-də HAMAS və digər terrorçular tərəfindən oğurlanan bəzi girovların azad edilməsini və hərbi əməliyyatlardakı son fasiləni alqışlayırıq. Bu, Qəzzada fələstinli mülki şəxslər üçün humanitar yardımın artırılmasına imkan verir. Biz G7 olaraq bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq”, - deyə bəyanatda vurğulanıb.

G7, həmçinin bütün xarici vətəndaşların Qəzza zolağından asanlıqla çıxışına şərait yaradılmasına çağırıb və İsrailin özünümüdafiə haqqının olduğunu və beynəlxalq hüquqa uyğun vətəndaşlarını müdafiə etdiyini vurğulayıb. "Biz Birləşmiş Ştatların və region ölkələrinin, xüsusən Qətər və Misirin rəhbərliyinin bu və gələcək fasilələri təmin etmək üçün yorulmaz səylərini yüksək qiymətləndiririk. Bu fasilə zamanı humanitar yardımın çatdırılmasını əlaqələndirmək üçün BMT-nin əhəmiyyətli səylərini dəstəkləyirik”, - deyə bəyanatda deyilir.

Bundan əlavə, G7 Yəmənin üsyançı hərəkatı “Ənsar Allah”ı (Husilər) mülki gəmilərə hücumlardan və Yaxın Şərqdə dəniz ticarət yollarını pozmaq təhdidlərindən əl çəkməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR