Bu gün Türkmənistan və Əfqanıstan sərhədində iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə bir sıra enerji, nəqliyyat, rabitə və logistika infrastrukturu obyektlərinin tikintisinə başlanılması ilə bağlı mərasim keçirilib.
APA xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
İslim-Çeşmə sərhəd-keçid məntəqəsində keçirilən mərasimdə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Əfqanıstan Nazirlər Kabinetinin sədri vəzifəsini icra edən Molla Məhəmməd Həsən Axund iştirak edib.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov tədbirə videokonfrans formatında qatılıb.
Tədbir çərçivəsində Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəməri layihəsinin əsas həlqəsi sayılan Sərhədabad-Herat hissəsinin inşasına start verilib. Bununla yanaşı, Sərhadabad-Torqundu dəmir yolu körpüsünün, Sərhədabad-Herat marşrutu üzrə fiber-optik rabitə xəttinin və Türkmənistan-Əfqanıstan-Pakistan (TAP) elektrik xətti layihəsinin ilk fazasının işə salınması ilə bağlı açılışlar da həyata keçirilib.