Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərilə bilər

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərilə bilər
# 10 avqust 2011 09:01 (UTC +04:00)
Bakı – APA. “Baş məşqçi ilə bağlı son qərarı verməmişik. Bütün bu məsələlər tezliklə həllini tapacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib.

Onun sözlərinə görə, avqustun 25-də milli komandamız dünya çempionatının hazırlığına start verəcək. Lakin məşqləri kimin keçəcəyi hələ dəqiqləşməyib. Çünki hazırkı baş məşqçi Yanko Rusevin istefaya göndərilməsi gündəmdə olsa da, bu məsələ hələlik rəsmiləşməyib.

Əsgərov bildirib ki, bolqarıstanlı məşqçinin gələcək taleyi ilə bağlı son qərarı rəhbərlik verəcək: “İdmançılarımızın bir araya gəlmə tarixini müəyyənləşdirmişik. Amma onlara rəhbərlik edəcək mütəxəssisin adına gələn həftə aydınlıq gələcək. Bununla bağlı son qərarı isə federasiyamızın prezidenti Cahangir Əsgərov verəcək”.

İcraçı-direktorun qeyd edib ki, əsas komandada yer alan bir neçə bolqarıstanlı atletin də taleyinə həmin vaxt aydınlıq gələcək. Milliləşdirilmiş gənc və perspektivli Valentin Xristov və Boyanna Kostovanın isə 2012-ci ildə Azərbaycan yığmasında iştirakı gözlənilir: “Digər atletlərlə müqayisədə onlar gəncdirlər. Bolqarıstan Ağır Atletika Federasiyası bu idmançılara icazə verməsə belə, bizim vətəndaşlardır və gələn il komandamızda iştirak edə biləcəklər”.

Qeyd edək ki, Azərbaycan milli komandasında 7 bolqarıstanlı legioner yer alsa da, onlardan yalnız Rumyana Petkova ölkəmizi tərk edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR