Bakı–APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində olan cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya R. Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil qeyd edib ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə baxışı avqustun 8-nə təyin edilib.
Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.