Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Qala BTX” MMC və “Azər Mühafizə”nin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda Müseyib Müseyibov, Mövlan Süleymanov, Emil Qədirzadə, Tağı Məmmədov ifadə verərək özlərini təqsirli bilmədiklərini deyiblər.
Proses oktyabrın 11-də davam etdiriləcək.
Daxili İşlər Nazirliyi (DİN) yaydığı məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərini vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.
Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər vətəndaşlara qarşı dələduzluq ediblər.