Politoloq: ASALA kimi terror təşkilatının üzvlərinin əsas sığınacaq yeri məhz Fransa olub

Politoloq: ASALA kimi terror təşkilatının üzvlərinin əsas sığınacaq yeri məhz Fransa olub
# 12 aprel 2024 20:00 (UTC +04:00)

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev kifayət qədər məlumatlı şəxsdir və onun “Crocus City Hall”da törədilən terror aktının sponsorunun Fransa Prezidenti Emmanuel Makron olmasına dair açıqlamasına ciddi yanaşmaq lazımdır.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq hesab edir ki, baş vermiş dəhşətli terror hadisəsini araşdıran istintaq komissiyasının ilkin rəyi Dmitri Medvedevə məlum açıqlama ilə çıxış etməsi üçün müəyyən ipucları verib: “Onsuz da, törədilən terror aktının sifarişinin kənardan verildiyinə dair ilk gündən ağlabatan versiyalar səsləndirilirdi. Məsələnin arxasından Fransa kimi bir dövlətin və onun rəhbəri Emmanuel Makronun durması heç kəsdə təəccüb doğurmamalıdır. Medvedevin dedikləri təsadüfi deyil və yəqin Rusiyanın aidiyyəti strukturları müfəssəl məlumatlara malikdir. Fransa xüsusi xidmət orqanları tərəfindən məhz Azərbaycan əsilli iş adamlarına məxsus “Crocus City Hall”da konsert zalında bu terrorun törədilməsi düşündürücüdür. Onlar bir güllə ilə iki hədəfi nişan alıblar. Birincisi, Rusiyada qarışıqlıq salmaq, sabitliyi pozmaq, ikincisi, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdən söhbət gedir. Biz bura Rusiyada yaşayan miqrantların, xüsusilə də, müsəlmanların gözdən salınması faktorunu da əlavə edə bilərik. Terror aktından sonra Rusiya cəmiyyətində müsəlman miqrantlara qarşı münasibət pisləşdi. Rusiyada dini və etnik zəmində nifaq yaratmaq istəyən qüvvələr məhz bu terror aktının törədilməsini sifariş ediblər”.

Ramiz Alıyev qeyd edib ki, Fransanın beynəlxalq terrorizmlə əlaqələri ilk dəfə deyil ki, üzə çıxıb: “Fransanın "Lafarge" şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərən sement zavodu və onun İŞİD-lə əlaqələri çoxlarına bəllidir. Türkiyə kəşfiyyatı Fransa şirkətinin İŞİD-lə əlaqələrini üzə çıxarandan sonra Makronun əsl siması üzə çıxdı. Fransa uzun illərdir ki, ermənilərin terror qruplaşmalarını maliyyələşdirib. ASALA kimi terror təşkilatının üzvlərinin əsas sığınacaq yeri məhz Fransa olub. Birinci Qarabağ müharibəsində Ermənistanda separatizmi qızışdıran, terrorçuları maliyyələşdirən əsas ölkə Fransa idi. Hazırda Fransa Qarabağ ermənilərindən ibarət legion hazırlayır və onları Ukrayna cəbhəsinə göndərməyə çalışır. Heç kəs zəmanət verə bilməz ki, həmin silahlı qrup gələcəkdə Azərbaycana qarşı müharibə elan etməyəcək”.

Politoloq deyib ki, özünü demokratiyanın beşiyi hesab edən dövlətlərin terror təşkilatları ilə əməkdaşlıq etmələri artıq heç kəsdə təəccüb doğurmur: “İlk fakt deyil ki, Fransa terror təşkilatlarının, separatçı qrupların əli ilə terror aktları törədir. Xatırlayırsınızsa, “Şimal axını” qaz kəmərində baş vermis partlayışa görə də Fransanın adı hallanırdı. Düşünürəm ki, “Crocus City Hall”da terror aktı törədən şəxslərin tərcümeyi-halları da göstərir ki, onlar 144 nəfərin ölümünə, 511 nəfərin isə yaralanmasına səbəb olan bu cür dəhşətli hadisəni təkbaşına törədə bilməzdilər. Eyni zamanda terrorçuların radikal dini təşkilatlara bağlılıqlarına dair sübutlar da kifayət qədər deyil. Saxlanılan şəxslərin xarici dövlətlərlə, xüsusilə də Fransanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqları ciddi araşdırılmalıdır. Biz görürük ki, Fransa bölgədə öz aktivliyini artırmaq, öz maraqlarını həyata keçirmək istəyir, amma bunu siyasi, diplomatik müstəvidə bacarmır. Makron və onun komandasının bizim bölgədə heç bir nüfuzu qalmayıb. Türkiyə, Rusiya, Azərbaycan Parisdə çıxarılan “xoruz səslərini” qulaqardına vururlar. Dişi heç nəyə batmayan Makronun çirkin yollarla öz məqsədlərini həyata keçirməyə çalışması mümkün görünür. Hesab edirəm ki, Dmitri Medvedevin səsləndirdiyi kəskin ittihamlar öz təsdiqini tapsa, bu Fransaya çox baha başa gələcək və Kreml Parisin bu cinayətini cavabsız qoymayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR