SİPRİ: 2022-ci ildə böyük silah istehsalçısının gəlirləri azalıb

SİPRİ: 2022-ci ildə böyük silah istehsalçısının gəlirləri azalıb
# 05 dekabr 2023 05:45 (UTC +04:00)

İstehsalda yaranan ləngimələrə görə 2022-ci ildə dünyanın əsas silah təchizatçılarının gəlirləri azalıb. Son nəticədə onlar Ukrayna müharibəsi nəticəsində kəskin artan tələbatı ödəməkdə çətinlik çəkiblər.

APA xəbər verir ki, bu məlumat Stokholm Sülh Tədqiqatları İnstitutu – SİPRİ-nin son hesabatında yer alır.

SİPRİ bildirir ki, 2022-ci ildə dünyanın 100 böyük silah istehsalçısının gəlirləri 597 milyard dollar təşkil edib. Bu da 2021-ci ildəkindən 3,5% azdır.

SİPRİ-nin hesabatında bir ziddiyyətli məqama da diqqət yönəldilib: Məntiqi olaraq Ukrayna və Afrikadakı münaqişələr istehsalçıların gəlirində kəskin artımla nəticələnməli idi. Bu səbəbdən gəlirlərin azalması gözlənilməz hesab edilir.

İnstitutun statistikasına görə 2022-ci ildə ABŞ-li silah istehsalçılarının gəliri 7,9% azalıb. Buna rəğmən, qlobal silah ticarətindən əldə edilən gəlirin 51%-i bu ölkənin payına düşür. Dünyanın 100 böyük silah istehsalçısının 42-si bu ölkədə yerləşir.

Koronavirus pandemiyası nəticəsində istehsal prosesinin pozulmasından da əsasən Amerika müəssisələri əziyyət çəkib. Ekspertlər bunu sözügedən ölkənin silahlarının daha mürəkkəb quruluşa malik olması ilə izah edirlər.

Rusiya silah zavodlarının da gəliri 12% azlaraq 21 milyard dollara düşüb. Bu azalmanın bir səbəbi sanksiyalardırsa, digəri hökumətin sifarişlərə görə ödənişləri gecikdirməsidir. Səhih məlumat qıtlığına görə Federasiyadan cəmi 2 istehsalçı ilk yüzlüyə daxil edilib.

Maraqlı budur ki, Yaxın Şərq, Asiya və Afrikadan olan istehsalçılar 2022-ci ildə bütün sifarişləri vaxtında təhvil verə bilib. Bunun səbəbi istehsalın sadə texnologiyalarla həyata keçirilməsidir. Çin müəssisələrinin gəliri 2,7% artaraq 108 milyard dollara çatıb.

Faiz nisbəti ilə gəliri ən çox artan şirkət Baykar olub. Bu türk şirkətinin gəlirlərinin 94% artmasına səbəb Ukraynaya kütləvi dron satışıdır.

SİPRİ hesab edir ki, 2030-cu ilədək hərbi sifarişlər artmağa davam edəcək. Demək olar bütün istehsalçıların sifariş siyahısı dolub, lakin sifarişlərin çatdırılmasında ciddi gecikmələr mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR