Bakı. Zümrüd Paşayeva – APA. Roma papası Fransisk Avropa Parlamentində çıxış edib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Papa Fransisk Roma Papasının 1988-ci ildə Avropa Parlamentindəki çıxışından xeyli müddət keçdiyini və bu illər ərzində mürəkkəb siyasi dəyişikliklərin baş verdiyini vurğulayıb.
“Avropa İttifaqı böyüyb, dünya isə daha da mürəkkəbləşib. Bu gün dünyanın Avropaya meyli azalıb”, - deyə o bildirib.
Roma Papası həmçinin qeyri-qanuni miqrantlara qarşı tədbirlərin sərtliyindən danışıb: “Aralıq dənizi böyük bir qəbiristanlığa çevrilə bilməz. Qayıqlardan düşən insanların yardıma və sığınacağa ehtiyacı var”.
Vatikanın Avropa İttifaqı ilə münasibətlərinə toxunan Papa Fransisk Avropa İttifaqı təsisatları ilə açıq dialoqa hazır olduqlarını deyib.
Roma Papası Brüsselin yürütdüyü siyasətə toxunaraq siyasi müzakirələrdə iqtisadi və texniki məsələlərin əsas yer tutduğunu bildirib. “İnsan ləyaqəti ticarət obyekt ola bilməz”, - deyə o vurğulayıb.
Qeyd edək ki, axırıncı dəfə Roma Papası II Con Paul Avropa Parlamentində 1988-ci ildə çıxış edib.