APA-nın İsveçrəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında ATƏT-in sözçüsü Keti Börton deyib. O bildirib ki, dekabrın 4-5-də keçiriləcək tədbirə 57 dövlətin nümayəndə heyəti qatılacaq: “Əsas diqqət Ukrayna məsələsinə yönələcək, bölgədəki münaqişələrin nizamanlanması və gərginliyin azaldılması üzərində müzakirələr aparılacaq. Toplantıya Sergey Lavrov və Con Kerri də qatılacaq. Bir araya gələrək qarşıda duran məsələlər və çağırışlar üzərində fikir mübadiləsi aparmalı, ortaq qərarlar qəbul etməliyik”.
K. Börtonun sözlərinə görə, ATƏT-in XİN başçıları Şurası şərait yaradır ki, ATƏT ölkələri bir araya gəlsin və lazımı məsələlər müzakirə olunsun: “Avropanı daha sabit əraziyə çevirmək, gərginliyin azaldılmasına çalışmaq, dialoq üçün şərtlər formalaşdırmaq əsas prioritetdir”.