Bakı. Zümrüd Paşayeva – APA. “Bütün dünya “İŞİD” şər qüvvəsinə qarşı birləşməlidir”. APA-nın “Sky News” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron BMT Baş Assambleyasındakı çıxışı zamanı deyib.
“İŞİD”in qanlı əməllərini getdikcə genişləndirdiyini söyləyən D. Kemeron bildirib ki, İranla əməkdaşlıq edərək və Suriyada Əsəd rejiminin sona çatması ilə “İŞİD”in terrorçu fəaliyyətinin qarşısını almaq mümkün olacaq: "İranın nüvə proqramı, bəzi terrorçu təşkilatlara dəstək verməsi və s. ilə bağlı məsələlərdə bizim bu ölkə ilə fikir ayrılığımız var və təbii ki, bu siyasi xəttin dəyişməsi lazımdır. İran liderləri “İŞİD” təhlükəsi ilə mübarizədə, eləcə də İraq və Suriyada sabitliyin bərpası üçün yardım edə bilər”.
D. Kemeronun fikrincə, insanların tələblərini yerinə yetirməmək ekstremizm və terrorun kök atmasına zəmin yarada bilər. Bu səbəblə o, Suriyada Əsədin şiddətinə son verməyin vacibliyini vurğulayıb: “Mən bilirəm ki aramızda “İŞİD”lə mübarizə aparmaq üçün Əsəd rejimi ilə ittifaqa girmək istəyənlər var. Ancaq bu, məntiqsiz və təhlükəlidir. Düşmənimizin düşməni bizim dostumuz deyil. O da başqa bir düşməndir. Əsədlə müqavilə “İŞİD”i məğlub etməyəcək”.