Bakı. Zümrüd Paşayeva - APA. “Böyük Britaniyada terrorla mübarizə sahəsində yeni qanun tətbiq ediləcək və təhlükəsizlik tədbirləri gücləndiriləcək”.
APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, bu barədə G-20 sammiti çərçivəsində Avstraliya parlamentində çıxış edən Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.
D. Kemeron yeni qəbul olunacaq qanunun detallarını açıqlayıb. Qanuna əsasən, şübhəli şəxslərin ölkəyə giriş-çıxışı məhdudlaşdırılacaq. Uçuşların qadağan olduğu bölgələr siyahıya alınacaq, təhlükəsizlik yoxlamalarına uyğun gəlməyən aviaşirkətlərə qarşı müəyyən addımlar atılacaq.
Böyük Britaniyanın baş naziri İŞİD-in internetdəki fəaliyyətinin əngəllənməsi istiqamətində işlərin aparıldığını, terrorçu qruplaşmasının yaydığı videolarda terrorçuların qüsursuz ingliscə danışmalarının təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, terrorçuların əsas məqsədi bütün diqqəti İngiltərə üzərinə toplamaqdır.