Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Kvemo-Kartli bölgəsində daha 23 məscid və ibadət evinin Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sərəncamına verilməsi haqda razılıq əldə olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu GMİ-nin şeyxi Hacı Ramin İgidov APA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu vaxtadək heç bir rəsmi sənədi olmadığından məscidlərin kommunal xərclərinin ödənilməsində çətinlik yaranırdı və bu işlər qeyri-qanuni yollarla həll olunurdu: “Bu da öz növbəsində bir sıra çətinliklər yaradırdı. Məsələ ilə əlaqədar bizə 30-a yaxın müraciət daxil olub”.
R. İgidov məscidlərin GMİ-nin sərəncamına verilməsi işində problemlərin yaşandığını da bildirib: "Gürcüstanda məscid tikintisi üçün hədiyyə olunan torpaqlarda tikilmiş bəzi məscidlərin ərazisini təsdiqləyən sənəd olmadığından ortaya çıxan iddiaçı varislərlə problemlər yaşanmaqdadır. Gələcəkdə belə problemlərin təkrar olunmaması üçün məscidlərin qeydiyyatına aydınlıq gətirilməlidir, habelə torpağın və tikintisi başa çatan binanın sənədləri dəqiqləşdirilməlidir".
R. İgidov onu da bildirib ki, 2011-ci ildə heç bir sənədi olmayan dini məkanlar müvəqqəti olaraq Gürcüstanın İqtisadiyyat Nazirliyində qeydə alınıb. O qeyd edib ki, məscidlərin Tiflis Cümə Məscidində qeydə alınması daha məntiqə uyğundur: "Başqa dövlətlərdəki modellər nəzərdən keçirilməklə, məsələnin həllinin hüquqi formatı barədə müzakirələr aparılmalıdır. Bundan başqa bütün məscidlərimiz və hətta “Qocalar evi”, “Mərasim salonu” və “İbadət evi” məscid statusu əldə etsələr, o zaman toxunulmaz olarlar. Əsasən bu istiqamətdə çalışmaq lazımdır”.