APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün NATO-da keçirilən brifinqdə bildirilib.
“NATO Gürcüstanda alyansa üzv olan ölkələr və tərəfdaş dövlətlər üçün nəzərdə tutulan hərbi təlim mərkəzləri yaratmaq niyyətindədir. Gürcüstan unikal coğrafi vəziyyətə malik olduğundan bu çox əhəmiyyətli məsələdir”, deyə alyans nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bu məsələ NATO ölkələrinin müdafiə nazirlərinin fevralın 5-də Brüsseldə keçiriləcək görüşü çərçivəsində baş tutacaq Gürcüstan-NATO komissiyasının iclasında müzakirə olunacaq.
NATO nümayəndəsi bununla belə qeyd edib ki, alyansın ölkədə hərbi iştirakı minimum səviyyədə olacaq. “Onların vəzifəsi təlimlərin təşkili, NATO-ya üzv olan ölkələrin və tərəfdaş dövlətlərin nümayəndələrinin qəbulu, loqistika kimi məsələləri əhatə edəcək, bu səbəbdən də onların sayı minimal olacaq”, deyə NATO nümayəndəsi bildirib.
Alyans nümayəndəsi bu il Gürcüstanda NATO təlimlərinin keçiriləcəyini də bildirib: “NATO bu il Gürcüstanda təlimlər keçirəcək. NATO-Gürcüstan əməkdaşlığı çərçivəsində biz bu ölkədə gələn il mütəmadi olaraq təlimlər keçirəcəyik”.